Nədir bu NFT?

Bu NFT ki var, çox qəliz məsələdir...

“NFT nədir?” , “What is NFT”, “Что такое нфт?” suallarını son zamanlar yəqin brauzerdə siz də tez-tez yazıb axtarırsınız. Əslində çox uzun müddətdir ki, mövcud olan bu sistem hələ bizim üçün yeni bir anlayışdır. Ona görə də oxuya bildiyimiz bütün dillərdə bu sualları yazırıq ki, bu mürəkkəb sistemi az da olsa anlaya bilək. Bu məqalənin yazılması üçün də çox sayda bloqlar oxunub, videolar izlənilib. Bu yazıda videolardan, bloqlardan öyrənə bildiklərimi, anladığım formada sizə də ötürməyə çalışacağam.

 

Yəqin siz də paltar mağazasına daxil olanda çalışırsınız ki, o paltarları alasınız ki, onlardan ətrafda heç kimdə və ya çox az adamda olsun. Çünki psixoloji olaraq nələrinsə tək “məndə” olmasını sevirik. Ətrafda eynisini görəndə qıcıqlanırıq. Təsəvvür edin burada shbət paltardan yox, hansısa çox bahalı bir əsərdən və yaxud da bahalı hansısa bir parçadan gedir. Bu qədər bahalı bir parçanı kimdəsə görsək, özümüzü çox pis hiss edəcəyik. NFT elə məhz bunun qarşısını alır! 

Bahalı da olsa, təkdir!

nft nədir

 

Belə kollaj fotoları yəqin ki, axtarış vaxtı, ya pinerestdə, ya instagramda çox görmüsünüz. Amma bu foto digərlərindən fərqlənir- fərqi NFT texnologiyası yaradır. Bu jpg əsər 69 milyon dollara alınıb. Bəli kimsə bu fotoya 69 milyon dollar verərək onu alıb. Yox, bu mən deyiləm, mən sadəcə bu əsəri internetdən yükləmişəm. Bəs NFT-nin, NFT texnologiyalı bu fotonun bu qədər bahalı olmasının nə mənası var? Bu fotodan o qədər pul verəndə də var, səndə də?!



Yeni əsrin başlanğıcı…

Məşhur “Mona Lisa” əsərini heç olmasa bir dəfə də olsa hardasa mütləq ki, görmüsünüz. Əsərin internetdə minlərlə fotosu var, onun haqqında kitablar var, hətta fotoşopla fərqli formada düzəldilmiş versiyaları var. Onları da rahatlıqla yükləyə və istifadə edə bilərsiniz. Ya da rəssam tanışınıza deyə bilərsiniz sizə bir “Mona Lisa” çəkə bilər. Bəs əsl Mona Lisa əsəri hadadır? Əslindən neçə ədəddir? Siz ona hətta toxuna bilərsinizmi? Əsl Mona Lisa əsəri Luvr muzeyində gülləkeçirməz şüşə arxasında saxlanılır və ondan yalnız 1 ədəddir. Amma mən onu da yükləyib sizin üçün buraya qoyuram. Bu o əsərin dəyərini azaldırmı? Əlbəttə ki, xeyr!

 

nft nedir - mona lisa



Bəs onda NFT texnologiyalı əsərlərin, fotoların, səs yazılarının, videoların o əsərlərdən və ya çox qiymətli digər parçalardan (qızıl parçası, qiymətli daş parçası) nə fərqi var?!



Gəlin NFT-ə keçək!

İstənilən rəqəmsal əsər NFT vasitəsilə təsdiqlənə bilər. Yəni burada rəqəmsal əsərin mütləq foto olması vacib deyil. Bəs bu texnologiya necə işləyir?

 

Etherium əsaslı bu texnologiya digər kriptovalyutalardan fərqli olaraq dəyişidirlə bilməz. Yəni bu zəncirdəki tokenlər bir-birlərini təkrarlamır, bu da NFT-də hazırlanan bir parçanın tək, bənzərsiz olmasına gətirib çıxarır. Əgər siz hər hansı NFT texnologiyalı əsəri alsanız, daha sonra siz də onu sata bilərsiniz. Bəs siz özünüz necə əsərlərinizi NFT edə bilərsiniz və sata bilərsiniz? Yəqin düşünürsünüz ki, bunun üçün texniki biliklər lazımdır? Əksinə bunun üçün çox az texniki biliklər lazımdır. Xüsusi platformalar var ki, onların vasitəsilə rahatlıqla əsərlərini NFT-ə çevirə bilərsiniz. Bunun üçün bu platformalara daxil olmaq, kripto pulqabınızı NFT bazarına bağlamanız kifayət edəcək. Daha sonra əsərinizi yükləyərək addımları keçəcək və əsərinizi NFT-ə çevirmiş olacaqsınız. Təbii ki, daha detallı öyrənmək və bilmək üçün əvvəlcə yoxlamaq, başqalarından baxmaq da çox yararlı olacaq. Buna görə də növbəti dəfə bu məqaləyə əlavələr edib yeniləyib, daha maraqlı məlumatlarla gələcəyik!

 

Seom-da qalın.